İlk qəbulda nələr qiymətləndirilir?
- nikah müddəti, əvvəlki hamiləliklər, düşüklər və doğuşlar;
- keçirilmiş əməliyyatlar, xroniki xəstəliklər, istifadə olunan dərmanlar;
- əvvəlki analizlər, USM və HSG nəticələri, varsa əvvəlki müalicə və süni mayalanma protokolları;
- ginekoloji müayinə və transvaginal USM;
- lazım olan əlavə müayinələrin planlaşdırılması.
Qadın üçün əsas müayinələr
| Müayinə | Nəyi göstərir |
|---|---|
| Hormon analizləri (FSH, AMH, prolaktin, TSH və s.) | Yumurtalıqların funksiyası, yumurta ehtiyatı, hormonal pozğunluqlar |
| Transvaginal USM | Uşaqlıq, endometrium, yumurtalıqlar, follikullar, kista və miomalar |
| HSG (histerosalpinqoqrafiya, “boru rentgeni”) | Uşaqlıq borularının keçiriciliyi və uşaqlıq boşluğunun forması |
| Histeroskopiya | Uşaqlıq boşluğunun içəridən görüntülənməsi; polip, arakəsmə və yapışıqlığın eyni seansda müalicəsi |
| Laparoskopiya (göstəriş olduqda) | Endometrioz, yapışıqlıqlar və boru problemlərinin birbaşa qiymətləndirilməsi və müalicəsi |
| CA-125 (süni mayalanmadan əvvəl, göstəriş olduqda) | Endometrioz, kista və ya iltihabi proseslər barədə əlavə siqnal |
CA-125 barədə qeyd: CA-125-in yüksək çıxması həmişə xərçəng demək deyil. Süni mayalanma planlaşdıran qadınlarda bu göstərici endometrioz, kista və ya iltihabla bağlı yüksələ bilər və müalicə planına təsir edə bilər. Buna görə süni mayalanmadan əvvəl düzgün qiymətləndirilməlidir.
Kişi üçün əsas müayinələr
- Spermioqram (sperma analizi) — ÜST standartına görə, 2–7 günlük cinsi pəhrizdən sonra verilir. Sperma analizi çox həssas müayinədir: nəticə laboratoriya şəraitindən və texniki detallardan asılıdır. Buna görə tək bir nəticəyə əsasən qərar verilmir və lazım olduqda analiz ixtisaslaşmış laboratoriyada təkrarlanır.
- Uroloq-androloq müayinəsi — varikosel, hormonal və anatomik səbəblərin qiymətləndirilməsi.
- Əlavə analizlər — göstəriş olduqda hormon və genetik testlər.
Genetik və laxtalanma müayinələri
Süni mayalanma dəfələrlə nəticə verməyibsə və ya hamiləlik təkrar-təkrar erkən həftələrdə dayanıbsa, həkimin qiymətləndirməsi ilə iki mühüm istiqamət araşdırılır:
- genetik amillər — cütlüyün karyotip (xromosom) analizi və göstəriş olduqda digər genetik testlər;
- laxtalanma pozğunluqları (trombofiliya) — göstəriş olduqda qanın laxtalanma sistemini yoxlayan analizlər.
HSG: nəticəyə nə vaxt etibar etmək olar?
HSG, “boru rentgeni” və “rahim filmi” eyni müayinənin fərqli adlarıdır. Bu müayinədə nəticənin etibarlılığı çəkiliş texnikasından çox asılıdır. Müayinə zamanı uşaqlığın yığılması açıq borunu bağlı kimi göstərə bilər. Buna görə şübhəli HSG nəticəsi əməliyyat qərarından əvvəl diqqətlə yenidən qiymətləndirilir. Bu diqqət bəzən xəstəni lazımsız əməliyyatdan qoruyur.
Beynəlxalq araşdırmalar HSG-dən sonrakı aylarda təbii hamiləlik ehtimalının arta biləcəyini göstərir. Bu təsir xüsusən yağ əsaslı kontrast maddə ilə aparılan müayinələrdə müşahidə olunub.