Nə vaxt gözləmədən müraciət etmək lazımdır?
Aşağıdakı hallarda 12 ayın tamamlanmasını gözləmək lazım deyil:
- 35 yaşdan yuxarısınızsa və 6 ay ərzində hamiləlik baş verməyibsə;
- 40 yaşdan yuxarısınızsa — hamiləlik planlaşdırmağa başlayan kimi;
- menstruasiya nizamsızdırsa və ya ümumiyyətlə olmursa;
- əvvəllər kiçik çanaq nahiyəsində əməliyyat keçirmisinizsə, boru problemi və ya endometrioz diaqnozu qoyulubsa;
- təkrarlanan düşükləriniz olubsa;
- həyat yoldaşınızın sperma analizində dəyişiklik aşkarlanıbsa;
- başqa mərkəzlərdə aparılan müalicə və ya süni mayalanma cəhdləri nəticə verməyibsə.
Sonsuzluq müalicəsində vaxt çox dəyərlidir. “Hər şey qaydasındadır, bir az da gözləyək” yanaşması, xüsusən 35 yaşdan sonra, itirilmiş illərə səbəb ola bilər.
Sonsuzluğun əsas səbəbləri hansılardır?
| Qadında | Kişidə |
|---|---|
| Ovulyasiya pozğunluqları (polikistoz yumurtalıq sindromu, prolaktin və ya qalxanabənzər vəzi hormonlarının pozğunluğu) | Sperm sayının, hərəkətliliyinin və ya quruluşunun pozulması |
| Uşaqlıq borularının tıxanması və ya zədələnməsi | Eyakulyatda spermin olmaması (azoospermiya) |
| Uşaqlıq boşluğu problemləri: polip, arakəsmə (septum), yapışıqlıq, anadangəlmə anomaliyalar | Varikosel |
| Endometrioz | Hormonal pozğunluqlar |
| Yumurta ehtiyatının azalması və yaş amili | Toxum axarlarının tıxanması |
Hər iki tərəfdə genetik amillər, artıq çəki və ümumi sağlamlıq vəziyyəti də rol oynaya bilər. Buna görə DURU-da müayinə həmişə cütlüklə aparılır.
“Səbəbsiz sonsuzluq” nə deməkdir?
“Səbəbsiz sonsuzluq” diaqnozunu tez-tez eşidirsiniz, amma bu diaqnoz bu qədər çox qoyulmamalıdır. Standart analizlərin normal çıxması səbəbin olmadığını göstərmir: problem uşaqlıq boşluğundakı kiçik dəyişikliklərdə, endometriumun vəziyyətində, spermin keyfiyyətində və ya genetik amillərdə gizlənə bilər. Bu diaqnoz yalnız bütün ehtimallar ardıcıl yoxlandıqdan sonra qoyula bilər.
DURU-da ilk addım
İlk qəbulda cütlüyün tibbi tarixçəsi, əvvəlki analizlər və müalicələr qiymətləndirilir, ginekoloji müayinə və USM aparılır, sonra lazım olan müayinələr planlaşdırılır. Əvvəlki bütün analizlərinizi, USM və HSG nəticələrinizi, varsa süni mayalanma protokollarınızı özünüzlə gətirin.