Süni mayalanma kimlərə tövsiyə olunur?
- uşaqlıq boruları bağlı və ya zədələnmiş olduqda;
- spermdə sayı, hərəkətliliyi və ya quruluşu ilə bağlı ciddi problem olduqda;
- yumurta ehtiyatı azaldıqda və yaş amili vaxtı məhdudlaşdırdıqda;
- endometriozda, göstəriş olduqda;
- aşılama və digər müalicələr nəticə vermədikdə;
- embrionun genetik testi (PGT) lazım olduqda.
Hər cütlüyə süni mayalanma lazımdırmı?
Xeyr. Adımız süni mayalanma ilə tanınsa da, hər hamiləlik bu yolla əldə edilmir. Bəzən hamiləliyə sadə bir problem mane olur: kiçik bir polip, uşaqlıq boşluğunun forması, hormonal pozğunluq. Səbəb aradan qaldırıldıqda hamiləlik təbii yolla və ya aşılama ilə baş verə bilər. Süni mayalanma nə “son çarə”, nə də hər kəs üçün ilk addım olmalıdır — göstərişə görə seçilməlidir.
Süni mayalanma hansı mərhələlərdən keçir?
- Müayinə və plan. Cütlüyün analizləri, USM və spermioqram qiymətləndirilir, lazım olduqda əvvəlcə histeroskopiya və ya digər müalicə aparılır. Protokol fərdi seçilir: hər dərman hər kəs üçün deyil, müayinəsiz verilən müalicə risklidir.
- Yumurtalıqların stimulyasiyası. Hormon iynələri ilə bir neçə follikulun eyni vaxtda inkişafı təmin edilir. Bu mərhələ orta hesabla 10–12 gün çəkir. Tarixlər həftə sonuna görə yox, follikulların inkişafına görə planlaşdırılır.
- Follikul izləməsi. Follikulların sayı və ölçüləri USM ilə izlənir, dərman dozası buna görə tənzimlənir. Bakıdan kənarda yaşayan xəstələr bu müayinədən yerli USM həkimində keçə bilərlər (bax: Bölgə qəbulları).
- Yumurta toplama. Yumurtalar qısa müddətli narkoz altında, USM nəzarəti ilə nazik iynə vasitəsilə toplanır. Evlənməmiş xanımlarda yumurtalar vaginal yolla deyil, qarın divarından — göbək ətrafından toplana bilər.
- Mayalanma. Yumurtalar ya spermlə eyni mühitdə saxlanılır (klassik IVF), ya da hər yumurtanın içinə bir sperm yeridilir (ICSI). Üsulu sperm və yumurtaların vəziyyətinə görə embrioloq və həkim seçir.
- Embrionun inkişafı. Embrionlar laboratoriyada bir neçə gün izlənir. Embrion seçimi marafona bənzəyir: müddət uzandıqca keyfiyyət daha aydın görünür.
- Embrion transferi. Seçilmiş embrion nazik kateterlə uşaqlığa köçürülür. Prosedur ağrısızdır və narkoz tələb etmir.
- Dondurma. Transfer olunmayan keyfiyyətli embrionlar gələcək istifadə üçün dondurula bilər.
- Hamiləlik testi. Transferdən təxminən 10–14 gün sonra qanda beta-hCG analizi verilir.
Süni mayalanma nə qədər vaxt aparır?
Stimulyasiyanın başlanmasından hamiləlik testinə qədər adətən 4–5 həftə keçir. Müalicədən əvvəl hazırlıq lazım olarsa (analizlər, histeroskopiya, laparoskopiya və ya hormonal müalicə), ümumi müddət uzanır. Bu müddət hər cütlük üçün ilk qəbulda ayrıca izah olunur.
Uğura nələr təsir edir?
Süni mayalanmanın nəticəsinə qadının yaşı, yumurta ehtiyatı və keyfiyyəti, spermin vəziyyəti, embrionun keyfiyyəti, endometrium və uşaqlıq boşluğunun vəziyyəti, eləcə də embriologiya laboratoriyasının və orada çalışan mütəxəssislərin peşəkarlığı təsir edir. Heç bir mərkəz nəticəni əvvəlcədən vəd edə bilməz. Bizim üçün vacib olan real şansı açıq izah etmək və şans olduqda müalicəyə başlamaqdır.
İlk cəhd uğursuz olubsa, nə etməli?
Uğursuz cəhd hələ son demək deyil. Bəzən sadəcə yanaşma dəyişməlidir. Növbəti cəhddən əvvəl əvvəlki protokol, embrionların keyfiyyəti və endometriumun vəziyyəti yenidən qiymətləndirilir; təkrarlanan uğursuzluqlarda isə göstəriş olduqda genetik amillər və laxtalanma pozğunluqları da araşdırılır. Səbəb tapılmadan eyni addımı təkrarlamırıq.