Histeroskopiya hansı hallarda lazımdır?
- Uşaqlıqdaxili polip. Polip endometriumdan yaranan, əksər hallarda xoşxassəli törəmədir; ölçüsü bir-iki millimetrdən bir neçə santimetrə qədər ola bilər. Menstruasiyaarası qanaxma və ya ləkələnmə, çox qanaxma, menopozdan sonra qanaxma və sonsuzluqla özünü göstərə bilər, bəzən isə heç bir əlamət vermir. Poliplər histeroskopiya ilə çıxarılır.
- Uşaqlıq arakəsməsi (septum) və digər anadangəlmə forma pozğunluqları.
- Yapışıqlıqlar və çapıqlar, davamlı olaraq nazik qalan endometrium.
- Dar və ya düzgün formada olmayan uşaqlıq boşluğu. Metroplastika əməliyyatı ilə boşluq genişləndirilir; məqsəd embrionun yapışması və hamiləliyin davam etməsi üçün daha əlverişli şərait yaratmaqdır.
- İstmosel — keçmiş qeysəriyyə çapığında yaranmış boşluq.
- USM və ya HSG-də aşkarlanan şübhəli dəyişikliklər.
Uşaqlıq boşluğunun forması niyə bu qədər vacibdir?
Embrionun yapışacağı sahə kifayət qədər düzgün və geniş deyilsə, hamiləlik əldə etmək çətinləşir. Problem aradan qaldırıldıqda bəzi xəstələrdə hamiləlik heç bir əlavə müalicə olmadan, təbii yolla baş verir. Əsas məsələ problemi vaxtında tapmaqdır.
İstmosel nədir və necə müalicə olunur?
İstmosel keçmiş qeysəriyyə əməliyyatından sonra uşaqlıqdakı çapıq nahiyəsində yaranan kiçik boşluqdur (“qeysəriyyə çapığı qüsuru”). Menstruasiyadan sonra uzun sürən qanlı ifrazat, qarnın aşağı hissəsində ağrı və bəzi hallarda sonsuzluqla özünü göstərə bilər. İstmosel embrionun yapışmasına mane ola, hamiləlikdə isə uşaqlıq divarının zəif nöqtəsi kimi risk yarada bilər. Müalicə üsulları:
- histeroskopik əməliyyat — ən çox istifadə olunan və effektiv üsul;
- laparoskopik əməliyyat — daha ağır hallarda;
- izləmə — şikayətlər yüngüldürsə və hamiləlik planlaşdırılmırsa.
Histeroskopiyadan sonra nə gözləmək olar?
Bərpa adətən qısa olur. Uşaqlıq boşluğundakı problem aradan qaldırıldıqdan sonra həkim bəzən müəyyən müddət təbii hamiləlik şansını gözləməyi tövsiyə edir. Bunun səbəbi və müddəti hər xəstəyə ayrıca izah olunur.