Sonsuzluq və ilk müraciət

Nə vaxt sonsuzluq həkiminə müraciət etməliyik?

12 ay müntəzəm, qorunmasız cinsi həyata baxmayaraq hamiləlik baş vermirsə, cütlük birlikdə müayinə olunmalıdır. Qadın 35 yaşdan yuxarıdırsa, 6 ay ərzində hamiləlik baş vermədikdə, 40 yaşdan sonra isə gözləmədən müraciət etmək lazımdır. Nizamsız menstruasiya, əvvəlki çanaq əməliyyatları, təkrarlanan düşüklər və ya məlum sperm problemi varsa, daha tez gəlin.

İlk qəbula nələri gətirməliyəm?

Əlinizdə olan bütün analizləri, USM və HSG nəticələrini, həyat yoldaşınızın sperma analizini, keçirilmiş əməliyyatların çıxarışlarını və varsa əvvəlki süni mayalanma və ya aşılama protokollarını gətirin. Əvvəlki müalicələrin detalları yeni planın düzgün qurulması üçün çox vacibdir.

Müayinəyə həyat yoldaşım da gəlməlidir?

Bəli, imkan olduqca. Sonsuzluq cütlüyün ortaq məsələsidir və səbəb kişidə də ola bilər. Kişinin sperma analizi və lazım olduqda uroloq-androloq müayinəsi araşdırmanın ayrılmaz hissəsidir. Hər iki tərəf qiymətləndirilmədən qadının uzunmüddətli müalicəsinə başlamaq vaxt itkisidir.

“Səbəbsiz sonsuzluq” diaqnozu qoyulub. Bu, səbəb yoxdur deməkdir?

Çox vaxt yox. Standart analizlərin normal çıxması səbəbin olmadığını göstərmir: problem uşaqlıq boşluğundakı kiçik dəyişikliklərdə, endometriumda, sperm keyfiyyətində və ya genetik amillərdə ola bilər. Bu diaqnoz yalnız bütün ehtimallar ardıcıl yoxlandıqdan sonra qoyulmalıdır.

Borularım bağlıdır. Dərmanla açmaq olar?

Xeyr. Bağlı borunu dərman, “boru yuyulması” və ya masaj açmır. Borunun hansı nahiyədən və nə vaxtdan bağlı olduğu, əvvəlki hamiləlik və əməliyyatlar qiymətləndirilir. Sonra ya laparoskopiya ilə mümkün olduqda keçiricilik bərpa edilir, ya da vaxt itirmədən süni mayalanma tövsiyə olunur.

Uşaqlıq masajı sonsuzluğu müalicə edirmi?

Xeyr. Uşaqlıq masajı uşaqlıqdakı əyriliyi düzəltmir, kistanın yaranmasının qarşısını almır və miomanı müalicə etmir. Sonsuzluq müalicəsində vaxt çox dəyərlidir. Elmi əsası olmayan üsullarla vaxt itirmək əvəzinə səbəbi düzgün müəyyən edib müalicə planı qurmaq lazımdır.

USM-də kista və ya mioma görünüb. Mütləq əməliyyat lazımdır?

Xeyr. USM-də görünən hər kista və mioma əməliyyat tələb etmir. Qərar ölçüyə, yerləşməyə, şikayətlərə və hamiləlik planına görə verilir. Şikayət yaratmayan və uşaqlıq boşluğunu deformasiya etməyən miomalar çox vaxt hamiləliyə mane olmur.

AMH-ım aşağıdır. Hamilə qalma şansım varmı?

Bəli. Aşağı AMH az sayda yumurta deməkdir, amma yumurtanın keyfiyyətini birbaşa göstərmir. Süni mayalanma üçün bəzən bir keyfiyyətli yumurta da kifayət edir. Bu vəziyyətdə əsas məsələ vaxt itirməmək və fərdi protokol seçməkdir.

Süni mayalanma prosesi

Hər cütlüyə süni mayalanma lazımdırmı?

Xeyr. Bəzən hamiləliyə polip, uşaqlıq boşluğunun forması və ya hormonal pozğunluq kimi sadə problem mane olur. Səbəb aradan qaldırıldıqda hamiləlik təbii yolla və ya aşılama ilə baş verə bilər. Süni mayalanma göstərişə görə seçilir.

Süni mayalanma nə qədər vaxt aparır?

Stimulyasiyanın başlanmasından hamiləlik testinə qədər adətən 4–5 həftə keçir. Stimulyasiya orta hesabla 10–12 gün çəkir, test isə transferdən təxminən 10–14 gün sonra verilir. Müalicədən əvvəl hazırlıq (analizlər, histeroskopiya və s.) lazımdırsa, müddət uzanır.

Yumurta toplama ağrılıdırmı?

Xeyr. Yumurtalar qısa müddətli narkoz altında toplanır, buna görə prosedur zamanı ağrı hiss olunmur. Sonra bir neçə saat qarnın aşağı hissəsində yüngül narahatlıq ola bilər. Həmin gün istirahət etmək tövsiyə olunur.

Embrion transferi ağrılıdırmı, narkoz lazımdırmı?

Transfer adətən ağrısızdır və narkoz tələb etmir. Embrion nazik, yumşaq kateterlə uşaqlıq boşluğuna yerləşdirilir, prosedur bir neçə dəqiqə çəkir.

Transferdən sonra yataqda qalmaq lazımdırmı?

Xeyr. Qısa istirahətdən sonra adi gündəlik həyata qayıtmaq olar. Ağır fiziki yükdən çəkinmək, təyin olunan dərmanları vaxtında qəbul etmək və həkimin təyin etmədiyi preparatları qəbul etməmək lazımdır.

Neçə embrion köçürülür?

Bu, yaşa, embrionların keyfiyyətinə və əvvəlki cəhdlərə görə fərdi müəyyən edilir. Daha çox embrion hər zaman daha yaxşı nəticə demək deyil: çoxdöllü hamiləlik həm ana, həm də körpələr üçün əlavə risklər daşıyır.

Süni mayalanma ilk cəhddən uğurlu olurmu?

Ola bilər, amma heç bir mərkəz bunu əvvəlcədən vəd edə bilməz. Nəticə yaşdan, yumurta və sperm keyfiyyətindən, embriondan və endometriumdan asılıdır. Biz ilk cəhdin uğurlu olması üçün hazırlığa xüsusi diqqət yetiririk və şans real olduqda müalicəyə başlayırıq.

Neçə dəfə süni mayalanma etmək olar?

Cəhdlərin sayı üçün vahid qayda yoxdur. Vacib olan — hər uğursuz cəhddən sonra səbəbin təhlil edilməsidir. Protokol, embrion keyfiyyəti və endometrium, təkrarlanan uğursuzluqlarda isə göstəriş olduqda genetik amillər və laxtalanma pozğunluqları qiymətləndirilmədən eyni addımı təkrarlamaq doğru deyil. Uğursuz cəhd hələ son demək deyil — bəzən yanaşma dəyişməlidir.

Süni mayalanma ilə doğulan uşaq “süni” olurmu?

Xeyr. Uşaq cütlüyün öz yumurta və spermindən yaranır. Süni mayalanmada yalnız mayalanmanın baş verdiyi yer dəyişir — bədənin içi əvəzinə laboratoriya. Hamiləlik əksər hallarda təbii hamiləlik kimi gedir, bəzi hallarda isə daha diqqətli izləmə tələb olunur.

Süni mayalanmada uşağın cinsiyyətini seçmək mümkündürmü?

Embrionun cinsiyyəti yalnız süni mayalanma zamanı aparılan genetik testlə müəyyən edilə bilər. “Hesablama”, aşılama və ya dərmanla cinsiyyət seçmək mümkün deyil. Mərkəzimizdə bu məsələyə yalnız xüsusi səbəblər olduqda, məsələn, cinsiyyətlə əlaqəli irsi xəstəlik riski olduqda, baxılır.

Kişi sonsuzluğu

Spermioqramda 0 sperm çıxıb. Övladımız ola bilməz?

Həmişə belə deyil. Bəzən sperm xayada istehsal olunur, amma axarlar tıxandığı üçün xaricə çıxa bilmir. TESE və ya mikro-TESE ilə xayadan əldə olunan spermlərlə ICSI üsulu ilə mayalanma aparıla bilər. Spermin tapılma ehtimalı əvvəlcədən müayinələrlə qiymətləndirilir.

Varikosel varsa, əməliyyat mütləqdirmi?

Xeyr. Varikoselin dərəcəsi, sperma analizinin nəticələri, həyat yoldaşının yaşı və cütlüyün ümumi vəziyyəti birlikdə qiymətləndirilir. Bəzi kişilərdə əməliyyat faydalıdır, bəzilərində isə birbaşa köməkçi reproduktiv üsullar daha düzgün seçimdir.

Çip üsulu nədir?

Çip mikrokanallardan ibarət kiçik “ağıllı süzgəc”dir. Sperma çipdən keçirilir və daha hərəkətli spermatozoidlər ayrılır. Mərkəzimizdə bu üsuldan göstəriş olduqda, embrioloq və həkimin qərarı ilə istifadə olunur.

Dondurma və fertilliyin qorunması

Yumurta dondurmanı nə vaxt düşünmək lazımdır?

Ana olmağı təxirə salmağı planlaşdırırsınızsa, nə qədər tez, bir o qədər yaxşıdır. 35 yaşdan sonra yumurtaların sayı və keyfiyyəti daha sürətlə azalır. AMH göstəricisi azalmağa başlayıbsa, qərarı gecikdirməmək lazımdır.

Evlənməmiş qızlarda yumurta toplamaq mümkündürmü?

Bəli. Evlənməmiş xanımlarda yumurtalar vaginal yolla deyil, qarın ön divarından — göbək ətrafından, USM nəzarəti altında və narkozla toplanır. Bu üsul mərkəzimizdə illərdir tətbiq olunur. Onun mümkünlüyü yumurtalıqların yerləşməsindən asılıdır və müayinədən sonra müəyyən edilir.

Dondurulmuş sperma ilə doğulan uşaqlar sağlam olurmu?

Mövcud araşdırmalara görə, bəli: dondurulmuş sperma ilə mayalanmadan doğulan uşaqların sağlamlıq göstəriciləri təzə sperma ilə doğulan uşaqlardan fərqlənmir.

PRP və genetika

Yumurtalıqdaxili PRP (“yumurta cavanlaşdırma”) hər kəsə uyğundurmu?

Xeyr. PRP yalnız seçilmiş hallarda — yumurta ehtiyatı çox azalmış və ya yumurtalıq cavabı zəif olan xəstələrdə — analizlər, yaş və reproduktiv vəziyyət qiymətləndirildikdən sonra müzakirə olunur. Bu üsulun effektivliyi barədə elmi araşdırmalar davam edir.

Uşaqlığın içinə PRP edirsinizmi?

Xeyr. DURU-da uşaqlıqdaxili (endometrial) PRP tətbiq olunmur.

PGT kimlərə lazımdır?

PGT məlum irsi xəstəlik daşıyıcılığında, valideynlərdən birində xromosomların quruluş pozğunluğunda, həmçinin təkrarlanan düşük və uğursuz cəhdlərdə fərdi qiymətləndirmə ilə tövsiyə oluna bilər. PGT hər cütlük üçün rutin lazım deyil.

Hamiləlik

Menopozdan sonra hamilə qalmaq mümkündürmü?

Menopozda yumurtalıqlarda istifadə edilə bilən yumurta qalmadığı üçün qadının öz yumurtası ilə hamiləlik adətən mümkün olmur. Əvvəlcədən dondurulmuş yumurta və ya embrionlar varsa, həkim qiymətləndirməsi ilə hamiləlik planlaşdırıla bilər. Bu dövrdə hamiləlik yüksək riskli sayılır və çox diqqətli hazırlıq tələb edir.

Skrininq testi “pis” çıxıb. Uşaq xəstə doğulacaq?

Mütləq deyil — bu hələ diaqnoz deyil. Skrininq testləri riski qiymətləndirir, diaqnoz qoymur. Yüksək risk nəticəsi əlavə araşdırma tələb edir: dəqiq cavabı keyfiyyətli ultrasəs müayinəsi ilə yanaşı amniosentez və ya genetik müayinə verə bilər.

Qəbul və təşkilati məsələlər

Onlayn konsultasiya edirsinizmi?

Tam onlayn konsultasiya aparmırıq, çünki düzgün qərar üçün müayinə vacibdir. Amma analizlərinizi Instagram (DM) və ya WhatsApp vasitəsilə göndərib ilkin sualınızı verə və qəbula yazıla bilərsiniz.

Bakıdan kənarda yaşayıram. Hər kontrol üçün Bakıya gəlməliyəm?

Xeyr. Stimulyasiya zamanı follikulların izlənməsi üçün yaşadığınız yerdəki USM həkimində müayinə oluna bilərsiniz — əsas şərt follikulların sayı və ölçülərinin detallı qeyd edilməsidir. Bakıya yalnız lazım olan mərhələlərdə, məsələn, yumurta toplama və transfer üçün gəlirsiniz.

Bölgələrdə qəbul keçirirsinizmi?

Bəli. Dr. Emin Haqverdiyev və komandası mütəmadi olaraq Gəncə, Mingəçevir, Şəki və digər bölgələrdə qəbul keçirir. Tarixlər Instagram səhifələrimizdə elan olunur. Qəbul yalnız əvvəlcədən qeydiyyatla mümkündür.

Qəbula valideynlərimlə gələ bilərəm?

Əlbəttə. Amma cütlüklərin şəxsi məsələləri rahat danışa bilməsi müalicə üçün vacibdir. Buna görə müayinə və söhbətin bir hissəsinin yalnız cütlüklə aparılmasını tövsiyə edirik.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü